Fövqəladə Hallar Nazirliyində Gənclər Günü münasibətilə tədbir keçirilmişdir
2 fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin əməkdaşları iştirak etmişdir.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Daha sonra tədbiri giriş sözü ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd edilməsindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs etmişdir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev FHN rəhbərliyi adından gəncləri 2 fevral - Gənclər Günü münasibətilə təbrik etmiş, vurğulamışdır ki, Azərbaycanda gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyevin gənc kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olmuşdur. Qeyd etmişdir ki, bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclərə xüsusi diqqət göstərir və möhtərəm prezidentimizin gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar bunun ən bariz nümunəsidir. Nazir müavini bildirmişdir ki, Azərbaycan dövlətinin bu mütərəqqi siyasi xəttinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində gənclərin sosial problemlərinin həlli, onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında Azərbaycanın bu gün keçdiyi inkişaf mərhələsində gənclərin rolundan danışmışdır. O, Azərbaycan gənclərinin keyfiyyətli təhsil almaları və əmək fəaliyyətlərinin təşkili məqdəsilə Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradıldığını qeyd etmişdir.

Gənclər adından çıxış edən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin zabiti Xaliq Həsənli onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirmişdir.

Çıxışlardan sonra xidmətdə fəqlənən və vəzifə borcunu layiqincə yerinə yetirmiş Nazirliyin bir qrup əməkdaşına Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının fəxri fərman və qiymətli hədiyyələri təqdim edilmişdir.

Sosial şəbəkədə paylaş

Fikir bildir